B U D A D Ä R

BUDUQLULAR YOXSA BUDATLAR HƏQİQƏTLƏR VƏ FƏRZİYYƏLƏR

Buduq və Buduqlular Barədə

Buduq Azərbaycanın ən qədim kəndlərindən biridir. İlk iptidai inasanların yaşadığı ehtimal edilən mağaralar, mürəkkəb relyef xüsusiyyətlərinə malik keçilməz dağlar, təbiətin füsünkar mənzərələri bir anda insanı valeh edir, babalarımızın at minib dövran sürdüyü həyat tərzini gözümüzün önünə gətirir.
Babadağdan, Qırxbulaqdan axan sular Qaraçayda birləşib, lal və sükutla bizə baxan pir Əbdülməhəmmədə, Keçili dağına,Ənbərəyə layla çalır, suların şırıltısı dağ şəlalələrinə qarışıb Sənəm yaylağından Çərəkə düzünədək yayılır. Çoban tütəyinin yanığlı, bir az da el-oba üçün qəribsəyən səsini dinlədikcə Allaha, yaradana minnətdar olmaya bilmirsən, bu saflığa, bu təmizliyə, təbiətin bakirəliyinə heyran qalıb düşüncələrə dalmaq necə də xoşdur.
Buduq və buduqlular haqqında bir çox alimlər, tarixçilər, etnoqraflar dilçilər fikir söyləmiş, məqalələr dərc etmiş, kitablar yazmışlar. Lakin bütün deyilənlər ehtimallar üzərində qurulduğu üçün Buduqun tarixi, buduqluların kimliyi və soy kökləri barədə elmi dəqiqləşdirmələr aparılmamışdır.
Yalnız 13-14 cü əsrlərin görkəmli tarixçisi, mənbəşünası, dövlət xadimi Fəzlullah Rəşidəddin İbn Həmədani özünün “Camə ət Təvarix” (tarixlərin toplusu) kitabında Buduğun tarixinə və soy kökünə işıq sala biləcək məlumat vermişdir bu məlumat etnik azlıq olan buduqluların kimliyinin və soy köklərinin öyrənilməsində açar rolunu oynaya bilər.Məlumdur ki,buduqlular özlərini öz dillərində “budat” adlandırırlar, bir-birləri ilə ünsiyyətdə olarkən “vin budati” deyə soruşurlar. Maraqlıdır ki, F.Rəşidəddin öz əsərlərində “budat”qəbiləsinin mövcudluğu barədə xəbər verir “Camə Ət Təvarix” kitabının 98 və 193 cü səhifələrində yazır: “Budat qəbiləsi, bu qəbilə Tumbinə xanın 5 ci oğlu Bat-Kulkinin nəslindən şaxələnmişdir. Çingiz xanın dövründə onların başçısı Urud və ya Uruday idi. Çingiz xan Tayçuit qəbiləsi ilə vuruşduğu vaxt onlar budatlar onunla ( Çingiz xanla) müttəfiq idilər və onun qoşununda birləşmişdilər, onlardan (budatlardan) çoxlu əmirlər olmuş və vardır. Lakin hal-hazırda adları məlum deyil”Rəşidəddin köçəri türk xalqlarının təsnifatını verərkən budatları “Qədim vaxtlarda moğol ləqəbi daşıyan türk qəbilələrindən Nirun türkləri” sırasına daxil etmişdir. Göründüyü kimi burada əlavə şərhə ehtiyac yoxdur, ən azından böyük tarixçi alimin şəxsiyyətinə və məlumatına hörmətlə yanaşılmalıdır.
Sonralar Buduq kəndi mahal mərkəzinə çevrilir. Buduq bəyləri Quba qəzasının içtimai həyatında mühüm rol oynayırdılar. Buduq bəylərinin sonuncu nümayəndəsi Soltan bəy Abadan bəy oğlu olmuşdur. Bu cüssəli, üzündən gözündən nur tökülən bəyimizi mən uşaq vaxtı görmüşdüm, 70 ci illərdə dünyasını dəyişmiş Soltan bəyə Allah rəhmət eləsin. O həqiqətən də oturuşu duruşu ilə el ağsaqqalı idi.
1833 cü ildə Buduq mahalına 19 kənd birləşdirilmişdi. Mahal mərkəzi kimi inzibati idarəetmə, mədəniyyət mərkəzi kimi inkişafda idi. 20ci əsrin 60 cı illərərinə kimi keçmiş Qonaqkənd rayonunun tərkibində olan Buduq və.s kəndlərdə həyat qaynayırdı əkinçilik və maldarlıq, qoyunçuluq geniş vüsət almışdı. N.S.Xurşovun yarıtmaz siyasəti ilə Qonaqkənd rayonu ləğv edildi, əkin sahələri sıradan çıxdı, kəndlər boşaldı o cümlədən Buduqluların aran torpaqlara axını başladı. Hal-hazırda budatlar-buduqlular Azərbaycanımızın hər yerində ən çoxu Quba, Xaçmaz,Şabran,Qusar və Siyəzən rayonlarında Dağıstanda və Rusiyanın müxtəlif yerlərində yaşayırlar.
Quba rayonunda Bağbanlı, Barlı, Nərimanabad, Dəlləkli, Vladimirovka, Vəl-vələ, Qəcərzeyid, Amsar qışlaq və.s kəndlərdə, Xaçmaz rayonunun Arzu kənd, Hacıəlibəy, Ağyazı, Barisbol, Yergüc, Suxtakələ kəndlərində daha kompakt yaşayırlar. Qusarın Balaqusar, Həsənqala, Şabran və Siyəzən şəhər və kəndlərində buduqlu ailələri vardır.Bakı,Sumqayıt,Gəncə şəhərlərində,Qaxın Qum kəndində,Göyçayda,İsmayıllıda,Qəbələdə və Şəkidə buduqluların yaşadıqları barədə məlumatlar vardır.

Buduq kəndində vaxtilə 500 ev və kəndli təsərüffat mövcud idi. Orta məktəb, klub, kitabxana, poçt-rabitə, feldşer-mama məntəqəsi və hətda ətraf kəndlərdən məktəbə gələn uşaqlar üçün internat da təşkil olunmuşdu. Rayonda buduqlu müəllimlər daha çox idilər, ətraf kəndlərdə dərs keçirdilər. Ömürlərini xalqın övladlarının təhsilinə və tərbiyyəsinə həsr etmiş belə müəllimlərdən bəzilərini xatırlamaq yerinə düşər. Bu gün Allah rəhmətinə getmiş Buduqlu müəllimlərdən Ramazan Bahadirovu,Nurulla Məmmədovu,Bəylər Abdullayevi,Şərafəddin Bahadurovu, Əbubəkir Ağayevi, Zalı Əliyevi, Həmdulla Əhmədovu, Şabran rayonunda təhsil şöbəsinə başçılıq etmiş rayon ağsaqqalı məşhur taraqulu nəslindən Teyfur Adayevi, Quba şəhərində buduqlu Müsənnif müəllimi, buduqlu Əhməd müəllimi, Xaçmaz rayonunda buduqlu Hüseyn müəllimi, Qiyasəddin müəllimi, Feyzulla müəllimi, Şahlar müəllimi, vaxtilə Kuba respublikasında tərcüməçi işləmiş Sabir müəllimi və bir çox başqalarını göstərmək olar.
Böyük Vətən müharibəsində iştirak etmiş, Taqanraq və 223- cü atıcı diviziya qəhrəmanlarını necə unutmaq olar. Canı və qanı ilə bir olan azərbaycanlı qardaşları ilə birgə buduqlular Ukraynada, Kerçdə, Terek çayı sahillərində döyüşlərdə həlak olmuş və hətda Almaniyaya Berlinə kimi gedib çıxmışdılar. Onlardan biri Beybut Hidayət oğlu Əhmədov bir çox orden və medallara layiq görülmüş, müharibə bitdikdən bir nçə il sonra da Berlin komendantlığında çalışmışdır.
1940-50 ci illərdən başlayaraq buduqlular yavaş-yavaş aran kəndlərə köç etməyə başlayırlar. Buna səbəb əhalinin sıxlığı, yol və.s çətinliklərlə bağlı idi. Kənddə 100 dən çox əqrəba, nəsil var idi ki, onların hər birinin ayrıca qəbirsanlıqları bu gün də qalmaqdadır. Hazırda Buduq kəndində, Qazmalarda, Dağüstü və Yalavanc kəndlərində 150 yə yaxın ailə məskunlaşmışdır ki, onlar buduq dilində danışa bilirlər.
Dəliqaya kəndi də Buduqluların yaşadığı dağ kəndidir, orada da 30 dan çox buduqlu ailəsi məskunlaşıb.
Budatlardan –buduqlulardan alimlər, həkimlər, tanınmış müxtəlif peşə sahibləri bu gün də respublikamızın müxtəlif idarə və təşkilatlarında çalışırlar, onlardan tarix elmləri doktoru ,professor,əməkdar elm xadimi Vaqif Piriyevi,fəlsəfə elmləri doktoru professor Adil Əsədovu, fizika riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Nizaməddin Məmmədovu, hüquq elmləri üzrə fəlsəfə doktoru Zavər Qafarovu, pedoqoji elmlər üzrə fəlsəfə doktoru Məcid İsmixanovu,tibb sahəsində Tibb universtetinin uşaq cərrahiyyəsi kafedrasının baş müəllimi, Lenin təqaüdçüsü olmuş doktor Əmrağa Məmmədovu, uzun illər respublika əmək - tibb komissiyasına rəhbərlik etmiş Mikayıl Əhmədovu,şimal bölgəsində loğman həkim kimi tanınan əczaçı, çətin anlar da insanlara yardım əli uzadan,təbii bitkiləri toplayaraq dərman hazırlayıb şəfa verən Dəmir Dəmirovu, Azərbaycan MEA-nın Coğrafiya İnstititunun dissertantı olmuş X.Məmmədovu yada salmamaq mümkün deyil. Alim dərəcəli aqronom – zootexnik, sovet dönəmində rayon kənd təsərrüfatı idarəsinə başçılıq etmiş İldirım Məmmədovu,ulu öndərimiz H.Əliyevin sağlığında ümumrespublika müşavirəsində çıxış etmiş, onun çıxışı Ulu Öndərimizdə maraq doğurmuş və ona suallar vermişdi.
Alim dərəcəli iqtisadçı,bütün elimləri mükəmməl bilən, fenomenal yaddşa və natiqlik bacarığı ilə bir çoxlarına örnək olan Gülağa Kərimovu, uzun illər Buduq kəndində kənd sovetinin sədri işləmiş Məmmədrəsul İsayevi, müxtəlif vəzifələrdə işləmiş Ənvər Adayevi, Mövsüm Rzayevi xatırlamamaq günah olardı.
Hüquq sahəsində ədliyyə generalı Z.Qafarov, uzun müddət Azərbaycan respublikası Ədliyyə nazirliyində beynəlxalq əlaqələr idarəsinin rəisi vəzifəsində işləmiş, hazırda hüquq elimləri üzrə doktorluq desertasiyası üzərində işləyir. MTN də uzun illər xidmət etmiş polkovnik Ç.Mustafayev, polkovnik N.Adayev, ədliyyə polkovniki, müxtəlif rayonlarda prokuror işləmiş Z.Haciyev, ədliyyə polkovnik- leytenantı K.Əliyev, polis polkovnik - leytenantı R.Abdullayev və bir çox başqa hüquq mühafizə və məhkəmə orqanlarında çalışan budatlar buduqlular xalqa və dövlətə,dövlətçiliyə sədaqətləri ilə fərqlənmişlər.
Buduq kəndin də vaxtı ilə 4 məscid fəaliyyət göstərmişdir, onlardan hazirda 1-i fəaliyyətdədir. Buduqlular Allaha, Peyğənbərə sədaqətlidirlər, axundları, əfəndiləri olmuşdur. Ağa əfəndi, Molla Hacı əmi, Molla Rəsul, Molla Seyidağa və bir çox başqalarını hörmətlə xatırlayırıq.
Buduq kəndi və buduqluların maddi və mədəni irsinin qorunması və müəyyən problemlərin aradan qaldırılması məqsədi ilə bir neçə il əvvəl “Buduq xeyriyyə cəmiyyəti təsis edilmişdi. Fəaliyyət göstərdiyi az zaman müddətində xeyriyyə cəmiyyətinin xətti ilə əlaçı şagirdlərə pul mükafatları, məktəblilərə geyim və dərs ləvazimatlarınin verilməsi təşgil olunmuş, “Qaçaq Mayıl” mükafatı təsis edilmişdi. Cəmiyyətin xətti ilə “Babadağ” qəzeti dövlət qeydiyyatindan keçərək çap olunurdu. Hazırda xeyriyyə cəmiyyəti və qəzet öz fəaliyyətini maliyyə problemləri ilə bağlı dayandırmişdır. Bu işdə xidmətləri olan Rafiq və Eldar Abdullayev qardaşları bu gün də mütərəqqi fikir və gördükləri işlərlə bizlərə yardımçıdırlar.
Bir neçə kəlimə də Qaçaq Mayıl haqqında: Qaçaq Mayıl uşaq vaxtı ailəsi ilə birlikdə 19 cu əsrin 30 cu illərində Buduq kəndindən Qonaqkənd rayonunun Xaşı kəndinə ,oradan da Qonaqkənd kəndində məskunlaşmışlar. Sonradan “Qaçaq Mayıl hərəkatı”-ı kimi tanınan mübarizədə xalq arasında böyük hörmətə və nüfuza sahib olmuşdur.
Tarix elmləri doktoru, ustad şair, divanşünas Şahin Fazil demişdir:

Atamın kəndi o Qəçrəş ,anamın kəndi Buduq,

Versələr istəmərəm Gəncəni, Dərbəndi mənə.

Gəzmişəm çox yeri dərviş sayağı,ey Şahin,
Ən nəhayətdə Buduq torpağı məskəndi mənə.

Əziz Budatlar-Buduqlular! Sizi Budatlar.com saytının fəaliyyətə başlaması münasibəti ilə təbrik edirəm,bu saytın açılmasında xüsusi xidmətləri olmuş R.Abdullayevə, E.Abdullayevə, E.Kərimova və Ülvi Rafiq oğluna öz təşəkkürümü bildirirəm. Sonda bir şerimlə sizi salamlayıram.

Həsrətim dağ cəkir,güman yerinə.
Tələsir uçmağa ümman yerinə.
Baxıram zirvədə duran yerinə,
Qartallar qıy vurur dayan,kim ola?

Bax örüs yerinə sırada Cafdı
Bax yürüş yerinə sağlamdı,safdı,
Bir adı Babadağ,bir adı Qafdı,
Haylayan kim ola,hayan kim ola?

Bir-bir,iki-iki köçüb getdilər,
Diz çöküb torpağa öpüb getdilər.
Ömrün karvanını çəkib getdilər,
Qaytarıb yoluna qoyan kim ola?

Şehli yamaclarda günüm,ayım hey,
Daşda çiçəkləyən ömür payım hey,
“Can Qardaş” harayım,“Nənəvayım” hey
“Kəllə qoparana” qıyan kim olla?

Təngədə tən oldum,Kerç də yoruldum,
Endim Qara çaya çimdim,duruldum..
Mən də bir zamanlar sənə oğuldum,
Baba dağ,bal tutan balan kim ola?

Murada çatmağa içdim suyundan,
Keçdim cığırından,keçdim yolundan,
Gözümə nur gəldi sənin nurundan,
Şam kimi əriyib yanan kim ola?

Pir Əbdül Məhəmməd,Kərəmdi babam,
İçib kövsərindən doyunca yatam,
Anam harda qaldı?Hardadır atam?
Bu yanım oyandı,O yan kim ola?

Anamın laylası bayatım mənim,
Yerdə qiyamətim göy taxtım mənim,
Öz elim,elatim paytaxtım mənim,
Doymadım üzündən doyan kim ola?

Bir səhər yurduma qayıda bilsəm,
Fələyin çarxını döndərə bilsəm,
Təkcə ürəyimi göndərə bilsəm,
Göylərdən endirib alan kim ola?

Daşlara züy tutub çaldıran da mən ,
Daşı daş üstünə qaldıran da mən,
Bu daş inadları sındıran da mən,
Dağları,daşları sayan kim ola?

Öz Dərbənd yolum var,öz Şirvan yolum,
Yenisey bir qolum,Orxon bir qolum,
Sonun başlanğıcı,ölüm ya olum.
Döyür qapımızı boylan kim ola?

İç bulaq suyundan dadım, bu daddı,
Coratdı,Bayatdı,andım Xudatdı,
Mən Nirun türküyəm, adım Budatdı,
Başqa birisinə, uyan kim ola?

Nə əcəm oğluyam,nə yad oğluyam,
Bir az dəliqanlı,bir az buğluyam…
Budatlar, mən sizin Budatoğluyam,
Sizi haraylayan başqa kim ola ?

Hazırladı: Cəlaləddin Budadoğlu, Emin Kərimov.